Nizami Gəncəvi
Hünər, cəsarət və mərdanəlik haqqında
Neçin alçaqlara boyun əyirsən?
Oyuncaq olursan namərdlərə sən?
Nə üçün boynuna min yük alırsan?
Zalımın zülmündən razı qalırsan?
Qəlbi yumşaqlığı bir dəfə unut,
Çiynini dağ kimi ucaqılda tut!
Sən də süsən kimi ipəkdən olsan,
Səni saf torpaq da yaralar inan!
Zəlillik ürəyə ağrılar salar,
Zülmə dözənlərin sonu olar xar.
Tikantək çiynində tut yarağını,
O vaxt qucaqlarsan gül budağını.
İnsanı sarsıdar göz yaşı, nalə,
Ah çəkib, of deyən yetməz kəmalə! (L)
İradəsiz olma, iradəsizlər
Ayaqsız qurd kimi yerdə sürünər.
Tülkü canavarı edirsə məğmun,
Ondan iradəsi böyükdür bunun. (L)
Fil keçsin üstündən tapdalayaraq,
Xəsis adamlara əl açma ancaq.
Mərd olmaq yaxşıdır dünyada hər an,
Mərdlik ilə çatar arzuya insan. (X)
Hünərə göz yummaq deyil bir hünər. (İ)
Evdə bir arpası olmayan bir kəs
Yarım arpa qədər minnət götürməz. (İ)
Heç qorxmaacizə zülm edənlərdən,
Yoxsa qul olarsan onlara hökmən. (İ)
Kamalındır dövlətin, kamalına arxalan,
Amalndır comərdlik, amalına arxalan. (S)
Fələklərə yüksəldər, hünər cəsarət səni,
Hünərsiz alçalarsan, tapar rəzalət səni. (S)
Çəkişməyə uymazsan, hünərinə güvənsən,
Sənət olsun şikarın, hünərinə güvən sən. (S)
Sənətin bayraqdarı ucalar kainatda,
Aydan da günəşdən də öc alar kainatda. (S)
Kamalına görədir şan-şöhrətin dünyada,
Onsuz adın, hünərin olar çətin dünyada. (S)
Acizi tutmaqdan əl götürdü şir,
Şirlər aciz ovu etməzlər əsir. (X)
Oğrunun əlində olsa yüz dəhrə,
Bir qışqırsan qorxub yıxılar yerə. (X)
İgidlikdən deyən qoçaq adamlar
Şir yıxıb sonradan şir adı alar. (X)
Özündən alçaqla çəkin qovğadan,
Yıxıb yıxılmaqdan incik olarsan.
Böyüklə vuruşda insan ad alar,
Alçaqla vuruşda özü alçalar. (X)
Poladdan dağ olsa yenə də, inan,
Onu parça-parça dağıdar insanş. (X)
Hər bir dərdə qatlaş, möhkəm duraraq,
Gözlə ki, basmasın yük səni ancaq. (X)
Ovlamaqdan qalsa bir tülək tərlan,
Min təpik yeyəcək sərçədən hər an. (X)
Kim hünər köhlənini cilovlaya bilibdir,
Diləyin ovlağından ov ovlaya bilibdir. (S)
Aman istəyincə qurbağalardan,
Yaxşıdır balıqtık tez qərq olasan. (X)
Şir kimi hücum et, şirə rast gəlsən,
İt görən zamanda gəl baş qoşma sən. (X)
Samantək oynasa güləndə hər kəs,
Bir dağ olsa belə saman dəyməz. (X)
Ceyran çətin vaxtda şir olur bəzən. (X)
İnan, zirək adam mələkdir, mələk,
Zirəklik gözəldir, əcəbdir gerçək. (Y)
İnsan yem dalınca qaçmasın gərək,
Quşdan ayıq olsun, zirəkdən zirək. (Y)
Çarpış dünya ilə şiri-nər kimi,
Yoxsa udar səni o, əjdər kimi. (Y)
Hünərli dünyada təxtü-tac alar-,
Alçalmaz heç zaman, başı ucalar. (Y)
Mərdə layiq sifət deyildir, inan,
Ki, bal oğurlansın bal arısından. (Y)
Gərək cavanmərdi pul aldatmasın,
İşinə zərrəcə xələl qatmasın. (Y)
Qanı çörəyinə yavanlıq elə,
Papağı dik saxla, baş getsə belə. (L)
Gül kimi yumşaqlıq göstərmə, gerçək,
Olma ikiüzlü, bənövşələr tək.
Ömrü başa vurar şir ürəklilər,
Öküz ürəklidə olmaz bir hünər. (L)
Bağışla atını, sən get piyada,
Şillələr yesən də mərd ol dünyada. (L)
Şir güclü olsa da tox bir canavar,
Ondan qoçaq olar ovda çaqqallar. (L)
Düşmən silahlansa qarşında əgər,
Sən də qılınc vurub qüvvəni göstər,
Lakin silah töksə qarşında düşmən,
O miskin düşmənlə gəl vuruşma sən. (L)
Mərdə təmiz bir ad candan əfzəldir,
Ləkəli qalmaqdan ölüm gözəldir. (L)
Aslanın böyrünə əl çəkmək üçün,
Üstün olmalıdır aslana gücün. (Ş)
Bir aslan köpəkdən qorxarsa, bişək,
Ona şıllaq atar qoca bir eşşək. (Ş)
Əlaltı olma bir əlaltı şəxsə. (Ş)
Mən meydan əriyəm, sən də bir kişi,
Mərdliklə seçilir hər mərdin işi. (Ş)
Ovcumun içində olsa da yenə
Dikmərəm gözümü özgə mülkünə. (Ş)
Gənc maral nə qədər olsa da cəsur,
Cilovu aslandan çəkməsi xoşdur. (Ş)
Həm hünər göstərmək, həm də mal üçün
Çalışmaq bir borcdur istiqbal üçün! (Ş)
“Sirlər xəzinəsi”-S
“Xosrov və Şirin”-X
“Leyli və Məcnun”-L
“Yeddi gözəl”-Y
“Şərəfnamə”-Ş
“İqbalnamə”-İ
Poemalar Azərbaycan dilinə aşağıdakı şairlər tərəfindən tərcümə edilmişdir.
“Sirlər xəzinəsi”-S.Rüstəm və A.SAroğlu
“Xosrov və Şirin”-Rəsul Rza
“Leyli və Məcnun”-Səməd Vurğun
“Yeddi gözəl”-Məmməd Rahim
“İskəndərnamə” (“Şərəfnamə”)-Abdulla Şaiq
“İskəndərnamə” (“İqbalnamə”)-Mikayıl Rzaquluzadə

